Asif Əsgərov : “Baxaq görək, UEFA bu gün iclasında hansı qərarı qəbul edəcək“
Tarix: 19.04.2021 | Saat: 12:24:00 | Oxunub: 1263 | E-mail | Çapa göndər

"Avropa Klublar Birliyi (ECA) Superliqa məsələsinə münasibətini açıqlayıb. Hələ hadisələr davam edir. Hazırda hər hansı fikir bildirmək düzgün olmaz. Baxaq görək, UEFA bu gün İcraiyyə Komitəsinin iclasında hansı qərarı qəbul edəcək".

Futbolmedia.az-ın məlumatına görə, bu fikirləri "Report"a açıqlamasında "Qarabağ"ın baş meneceri, ECA-nın İşçi Qrupunun sədr müavini Asif Əsgərov Avropa Super Liqasının yaradılması ilə bağlı danışarkən deyib.

O bildirib ki, Superliqada iştirak edəcək 12 klubun müvafiq federasiyalarının da hansı qərarı verəcəyi maraqla gözlənilir.

Əsgərovun sözlərinə görə, İngiltərə təmsilçilərinin daha əvvəl belə ideyaları olub: "Onlar ayrı liqanın yaradılmasının tərəfdarı idilər. Həmin vaxt bunun UEFA-nın bayrağı altında olub-olmaması müzakirə edilmirdi. Heç kimin ağlına da gəlməzdi ki, Avropa futbol qurumunun bayrağından kənarda olacaq. Daha böyük klubların yalnız öz aralarında oynamaq istəkləri hər zaman sezilirdi".

İşçi Qrupun sədr müavini "ECA-da parçalanma hiss etmisinizmi" sualına belə cavab verib: "ECA-da klublar səviyyələrinə görə 4 qrupa bölünüblər. Azərbaycan orada 3-cü qrupdadır. Hansısa qərarlar veriləndə qruplar arasında həmişə bir az fikir ayrılıqları olur. Bu isə normal şeydir. Daha doğru qərarların verilməsi üçün fikir ayrılıqlarının olması normaldır. Amma ümumi baxanda bir neçə il əvvəl də belə təşəbbüs var idi. İstəyirdilər ki, əlavə turnir yaransın və orada yalnız böyük klublar çıxış etsin. Çünki Avropa Liqası İngiltərə təmsilçilərinə heç sərf etməyən turnir idi. Çünki onların öz çempionatlarında bir oyundan gəliri qrupdakı qələbənin gətirdiyi gəlirdən daha çoxdur. Çalışırdılar ki, daha fərqli turnir olsun, yalnız özləri oynasınlar. Genişlənmənin tərəfdarı deyildilər. Hazırda görünən odur ki, Superliqanın yaradılmasının təşəbbüskarı İspaniyanın "Real Madrid" klubunun prezidenti Florentino Peresdir".

Əsgərov "Qarabağ" klubunun rəsmisi kimi məsələyə münasibət bildirməyin tez olduğunu sözlərinə əlavə edib: "Hadisələri qabaqlamayaq. 12 klub Superliqa ideyasının gerçəkləşmiş hesab edir. UEFA-nın buna necə yanaşacağı və hansı qərarı verəcəyi maraqlıdır. Çünki FIFA da bu yarışın əleyhinədir. UEFA qərar verəndən sonra danışsaq, daha yaxşı olar. Klub olaraq münasibət bildirməyimiz düzgün olmaz. Ən azı birinci növbədə, milli assosiasiya münasibət bildirməlidir. Fransa və Almaniyanın böyük klubları dəvət olunub, hələ rəsmən iştirakları təsdiqlənməyib. Hazırda onlar Superliqaya qatılmaqdan imtina ediblər. Sonra necə olacağı bəlli deyil".

ECA rəsmisi yarışın UEFA bayrağı altında keçirilməsinin hazırkı dönəmdə mümkün olmadığını söyləyib: "Futbol hazırda öz çərçivəsindən çıxıb. Əvvəllər bu idman növü təkcə oyun və gözəl idman yarışı idi. Hazırda Avropanın böyük ölkələrində futbol biznesdir. İnanmıram ki, bu söhbətlərdən sonra UEFA 4-cü turniri yaratmaq barədə qərar versin ki və bildirsin ki, Superliqada yalnız siz oynayın. Belə şeyin olacağına bu gün üçün inanmıram. Bu, mənim şəxsi fikrimdir, klubun münasibəti deyil. Bu dəqiqə inandırıcı görsənmir, amma FIFA da buna qarşı çıxdığı üçün turnirin gerçəkləşməsi sual altındadır. Liqada çempion olan klub normalda UEFA Çempionlar Liqasında çıxış etməlidir. İngiltərənin 6 klubu Superliqada iştirakını təsdiqləyib. Bəs Çempionlar Liqasına kimlər gedəcək? İspaniyanın "Real Madrid" və "Barselona" klubları da liqadakı nəticədən asılı olmayaraq öz turnirlərində oynayacaqlar. Liqalardan avrokuboklara kimlər gedəcək? Çoxlu suallar var. UEFA-nın bugünkü iclasını gözləyək".

Qeyd edək ki, İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, İspaniyanın “Barselona”, “Atletiko” (Madrid), “Real Madrid”, İtaliyanın “Milan”, “İnter” və “Yuventus” klubları Avropa Super Liqasında iştiraklarını təsdiqləyib.

"Real Madrid"in prezidenti Florentino Peres Superliqanın sədri olub. Yarışda iştirak edəcək hər bir kluba 350 milyon avro ödəniləcək. UEFA və FIFA bu turnirin əleyhinə çıxıb.




 
Bölməyə aid digər xəbərlər
06.05.2021
Azərbaycanlı məşqçilər UEFA-nın Pro kursunda
06.05.2021
Azərbaycan I Divizionunda XXV tura start verilir
05.05.2021
“Keşlə”də Yevgeni Koçuk şoku
05.05.2021
AFFA aşağı yaş qrupları üzrə yarışları bərpa edir
04.05.2021
Qurban Qurbanov: “Məndə hansısa hegamonluq düşüncəsi olmayıb “

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info