Qurban Qurbanov:“Bu xasiyyətinə görə, karyerasına böyük zərbə vurub“
Tarix: 28.01.2021 | Saat: 18:41:00 | Oxunub: 864 | E-mail | Çapa göndər

"Vacib qələbə idi. Futbolçularda həyəcan var idi. Çünki həm təxirə salınmış oyun idi, həm də ikinci dövrədə bu rəqiblə heç-heçə etmişdik”.

Futbolmedia.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasında 5-ci turdan təxirə salınan “Səbail”lə görüşdən (4:0) sonra mətbuat konfransında deyib.

- “Səbail" çox ciddi müqavimət göstərdi, yaxşı təsir bağışladı. Futbolçularıma da demişdim ki, "Neftçi"yə qarşı layiqli oyun göstərmişdilər. Çox təcrübəli, soyuqqanlı futbolçuları var, meydanda nə etdiklərini bilirlər. Oyunun gedişində çətinlik çəkdik. Amma oyunçularımız qələbə üçün hər şeyi etdilər.

- Filip Ozobiçin durumu nə yerdədir?

- Müalicəsi davam edir. Fevralın 5-nə kimi komandaya qoşulmayacağı gözlənilir. Ola bilsin bir neçə gün də uzanar. Həkimlərin müayinəsindən sonra tam dəqiq bilinəcək.

- Əvəzedici heyətə göndərilən Vild-Donald Geryenin cəzası mövsümün sonuna qədər davam edəcək?

- Gerye əvəzedici heyətdədir. Hələ tam qəti qərarımı verməmişəm ki, mövsümün sonuna qədər əvəzedicilərdə qalacaq, ya yox. Futbolçunun cəzasının, intizamsızlığının müzakirə olunmasını istəməzdim. Bundan sonra özünü idarə etməsindən, hansı tərəfdən aparmasından, cəzaya necə yanaşmasından asılı olacaq. Oyunçuya ehtiyacım var. Maksim Medvedevi sol cinahda oynadıram. Buna baxmayaraq, Geryeni cəzalandırdım. İstənilən futbolçu komandasına qarşı həddən artıq ciddi, məsuliyyətlə yanaşmalıdır. Gerye pis oğlan deyil, amma belə xasiyyətinə görə, karyerasına böyük zərbə vurub.

- Gerye mətbuata açıqlamasında bildirib ki, ABŞ-da olanda sizə məlumat verib, özündən asılı olmayan səbəblərdən gələ bilməyib. Hətta cəriməsinin məbləğini də açıqlayıb və bu qərarı ədalətsiz hesab edib...

- Ədalətsiz sözünə qədər hamısı doğru idi. Ümumiyyətlə, Geryenin danışdığı ən doğru sözlərdir. Bəli, klub da onunla maraqlanırdı. Nə iləsə özünə bəraət qazandırmalı idi. Başqa şansı yox idi. Nədənsə, yalnız onda bu problemlər yaranır. Bəzən ailəsini başa düşmüşəm, göz yummuşam. Amma müəyyən həddə qədər göz yuma bilərəm. Lakin çempionat başlayandan sonra oyunçu gəlmirsə, bu, kluba hörmətsizlikdir. Bu müddətdə belə addım atmaq olmaz. Bəzi insanlar əllərinə fürsət düşəndə pandemiyadan istifadə etməyə çalışırlar. Düşünürlər ki, 3-5 gün gecikə bilərəm. Əgər bizim tərəfimizdən cəzalandırılıbsa, bu, ədalətli qərardır. Hər bir klubun öz kodeksi var. Cərimənin məbləğini bildirməyin isə heç tərəfdarı deyiləm.

- Bunu açıqladığı üçün də cərimələnə bilər?

- Bu dəfə doğrunu deyib.

- Zubirə sanki çox əsəbləşirdiniz. Razısınız ki, çox fərdi oynamaqla komandaya ziyan vurur?

- Bir epizodda irad bildirdim, amma əsəbləşdiyimi deyə bilmərəm. 90 dəqiqədə oyun nizam-intizamını qorumaq çətindir. Müdafiədə qapanan komandalara qarşı Zubir kimi oyunçulara ehtiyacımız var. Belə rəqiblərə qarşı top nə qədər bizdə qalsa, xeyrimizə olar. Rəqiblər də onu get-gedə tanıyırlar, daha yaxın oynayırlar. Əksər komandalar diqqəti ona yönəldirlər. Ümumən ondan razı qaldım.

- Xayme Romeroda problem nədir?

- Romero uzun müddət zədəli oldu. Hətta hazırlıq prosesində də kollektivə gec qoşuldu. Oyun təcrübəsi ilə özünü bərpa etməlidir. Qarşıdakı oyunlarda daha yaxşı səviyyəyə gələcək. Bəzən limit də mane olur. Yazılmışdı ki, onunla problemim var. Amma belə bir şey yoxdur.

- Bu, Mahir Emrelinin "Qarabağ"da son mövsümü olacaq? Bombardirlər yarışına başçılıq etdiyini nəzərə alsaq, onu saxlamaq çətin olmayacaq?

- Mayda müqaviləsi bitir. Mahiri indi də istəyən komandalar var. Amma mövsümün sonuna qədər komandada qalmaq qərarına gəldi. Danışığımız oldu ki, bütün fikrimizi çempionata cəmləyirik. Azərbaycanlı futbolçuların yaxşı çempionatlarda iştirakına yalnız sevinərik. Ancaq bizdən aşağı çempionatlara getmələri xoş olmaz. Mahir kimi oyunçunun qalmasını istərdik. Amma hər şey qarşılıqlı istəkdən asılıdır.




 
Bölməyə aid digər xəbərlər
11.04.2021
Qurban Qurbanov: “Ümumilikdə çox səs-küy olmağı xoşlamıram“
09.04.2021
Rövşən Hüseynlinin : “Onlar da bundan istifadə etdilər“
04.04.2021
Qurban Qurbanov: “Çempionatın səviyyəsindən razı deyiləm“
30.03.2021
De Byazi : “Yaxşı sualdır, hətta gülmək istəyirəm“
30.03.2021
Branimir Subaşiç : “Azərbaycan sərt, çox yöndəmsiz komanda kimi görünür“

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info